Şübhəsiz ki, bizim ən yaxın dostumuz kitablardır - bizi darıxmağa qoymayan, güldürən, ağladan, təsəlli və ümid olan, yeni dünyaların varlığına inandıran kitablar...
Bəs ən yaxın dostlarımızı - kitabları necə seçməli?
Bu seçimdə sizə kömək etmək üçün "Əli və Nino" ayın ən çox satılan kitablar siyahısını təqdim edir.
Azərbaycan və dünya klassikası, şəxsi inkişaf və biznes, sevgi və məişət mövzularında yazılmış roman janrının ən mükəmməl nümunələrini aylıq TOP 10 formasında təqdim etməklə sizin seçiminizi asanlaşdıracağımıza ümid edirik:
10. Min möhtəşəm günəş - Xalid Hüseyni
“Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır. Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər.
9. 101 satış – Zig Ziglar
“101 satış” kitabının böyük bir hissəsi sualların verilməsinə həsr olunub, əsas məsələ isə onların cavablarına qulaq asmaqdır. Kitabın məğzini təşkil edən və onun əsasında duran ikinci əsas mesaj satıcı karyerasını quran zaman dürüstlüyün vacib olmasıdır.
8. Əli və Nino – Qurban Səid
Əli və Nino – misilsiz məhəbəbət romanı...
Əsərdə azərbaycanlı bir oğlanın və gürcü qızının sevgisindən bəhs edilir. Bir yanda Şərqin adət-ənənsiylə böyüyən bir gənc, digər tərəfdə isə Avropa mədəniyyətiylə böyümüş Nino Kipiani.
7. Demian – Herman Hesse
Gənclik və şagirdlik haqqında roman olan Demian Nobel mükafatlı Hermann Hessenin o dövrdəki qorxularını və problemlərini on yaşlı gimnaziya şagirdi Emil Sinclair üzərindən əks etdirən qismən avtobioqrafik bir əsərdir.
6. İblis – Hüseyn Cavid
Burada hadisələr Birinci Dünya müharibəsi zamanı Yaxın Şərqdə baş verir. İblisin obrazına müraciət edən Hüseyn Cavid maddi zənginlik üçün ruhlarını şeytana satan insanları təsvir edirdi. Əsərdə Cavid tərəfindən qəbuledilməyən ədalətsiz, qəddar, qanlı bir döyüş əks olunur.
“İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır.
5. Fərdi MBA biznes dərsləri – Josh Kaufman
Müəllif deyir ki, “MBA proqramı üzrə təhsil – bahalı bir şeydir və heç də həmişə sərfəli vəsait nəzərdə tutulmur. Hətta Harvard və Uorton kimi nüfuzlu biznes məktəbləri sizə PowerPoint slaydları və lazımsız maliyyə modelləri yaratmaq bacarığı öyrədən proqramlar təklif edir.” Bu kitabda isə Josh Kofman sizə MBA proqramı üzrə lazımı məlumatları çatdıracaq.
4. Böyük evin kiçik xanımı – Cek London
Cek Londonun “Böyük evin kiçik xanımı” romanı, yazıçının şah əsəridir. Romanın əsas qəhrəmanları – Dik Forrest, Paola və İven Qrehem möhkəm iradəli və zahirən gözəl insanlardır. Romanın birinci hissəsində Dikin uşaqlıq illəri, onun şəxsiyyət kimi formalaşması, həyatın çətinlikləri ilə üzləşməsi təsvir olunur. Daha sonra isə həyatını dəyişdirən yaşadıqları yazarın qələmi ilə izləyiciyə çatdırılır.
3. Sosial Media Marketinq – Qrant Kennedi
XXI əsrdə texnologiyanın və xüsusilə internetin inkişaf etməsi, daha çox insanları və sahələri əhatə etməsi ilə bazar və marketinq anlayışları fərqli forma almağa başlamışdır.
Məhsulunuzu reklam etməyin ən yaxşı, üstünlük verilən və bütün dünyada milyonlarla müştəriyə çatmaq üsulu Sosial Mediadan istifadə etməkdir. Bu kitabda biz müxtəlif sosial media platformalarından istifadə edərək öz marketinq hədəflərimizə necə çata biləcəyimiz haqda danışacağıq.
2. Yeni dünya - Eckhart Tolle
Eckhart Tolle-nin müəllifi olduğu “Yeni dünya” kitabı həyatın çətinliyinə dözüm və daxili rahatlıq gətirən balans reseptidir. Bütün dünya ilə münasibət qurmaq üçün metodoloji, insani və hədsiz mənəvi zənginliklə yüklənmiş ədəbiyyat örnəyidir.
1. Çərpələng uçuran – Xalid Hüseyni
Əsərin müəllifi əfqan əsilli Xalid Hüseynidir. Əsər Əmir adlı bir oğlanın həyatı və yaşadığı hadisələrdən bəhs edir.